Shia.az SonUmidTv media
sitename



"
Təkvir" surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

1. Günəşin büküləcəyi zaman,

2. ulduzların sönəcəyi zaman,

3. dağların hərəkətə gətiriləcəyi zaman,

4. ən qiymətli malların unudulacağı zaman,

5. vəhşi heyvanların bir yerə toplanılacağı zaman,

6. dənizlərin alovlanacağı zaman,

7. hər kəsin öz tayına qovuşdurulacağı zaman,

8. diri-diri basdırılmış qız uşağı haqqında soruşulacağı zaman –

9. hansı günaha görə öldürülmüşdür?!

10. əməl dəftərləri açılacağı zaman,

11. göy üzündən pərdənin çəkiləcəyi  zaman,

12. Cəhənnəmin alovlandırılacağı zaman

13. və Cənnətin (möminlərə) yaxınlaşacağı zaman,

14. hər kəs nə tədarük etdiyini biləcəkdir.

15. And olsun qayıdan ulduzlara, 

16. (o ulduzlara ki,) hərəkət edib gözdən itirlər.

17. And olsun başa çatmaqda olan gecəyə,

18. və açılmaqda olan səhərə!

19. Bu (Quran), möhtərəm elçimizin (Cəbrailin) sözüdür.

20. (O,) qüvvətlidir, ərşin sahibinin (Allahın) yanında uca məqama malikdir,

21. göylərdə itaət ediləndir, etibarlıdır.

22. Sizin dostunuz (Mühəmməd) divanə deyildir.

23. O, (Cəbraili) aydın üfüqdə görüb.

24. O, qeybdən aldığına da xəsislik edən deyildir.

25. Bu (Quran), daşqalaq olunmuş Şeytanın sözü də deyildir.

26. Elə isə hara gedirsiniz?

27. Bu Quran aləmlər üçün bir xatırlatmadır –

28. sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün.

29. Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!

--------------------------------------------------------------------------------------

“Təkvir” surəsinin ümumi məzmunu: “Təkvir” surəsini məzmun etibarı ilə iki hissəyə bölmək olar: 1. Bu dünyanın sonu və Qiyamətin başlanğıcında müşahidə eidləcək Qiyamət əlamətləri. 2. Quran və onu gətirənin böyüklüyü, onun insanlara təsiri.[1]

1-14. Qiyamət vaxtı baş verəcək hadisələr: Bu ayələrdə insanı özü ilə qəribə aləmlərə aparan, dünyanın sonu, Qiyamətin başlanğıcında baş verəcək qorxulu hadisələrin lakonik, eyni zamanda həyəcanlı təsviri ilə qarşılaşırıq. Bu müxtəsər təsvirdə dörd əlamətə toxunulmuşdur. Birinci ayədə belə buyurulur: “Günəşin büküləcəyi zaman”. Müasir elm adamları hesab edirlər ki, günəşin fəzaya yayılan enerjisi yanacağı hidrogen, külü isə helium olan nüvə partlayışlarından meydana gəlir. Buna görə sözügedən kürənin daxilində də hər gün üç yüz əlli milyon ton azalma baş verir, nəticədə, günəş zəifləyir və işığı azalmağa doğru gedir. Sadəcə, indiki halda bu səma cismi çox böyük olduğu üçün qeyd edilən azalma ona elə də təsir göstərmir. Eyni vəziyyət göydəki digər planet və ulduzlara da aiddir. Bu proses indi tədrici xarakter daşıyır, ancaq dünyanın sonuna yaxın güclənəcək. Bir-birini izləyən qəfil və zəncirvari hadisələr nəticəsində mövcud sistem dağılacaq və Allahın əmri ilə bu dünyanın ömrü sona çatacaq.[2] Beşinci ayədə belə buyurulur: “Vəhşi heyvanların bir yerə toplaşdığı zaman” Təfsirçilərin bir çoxu hesab edir ki, bu ayədə bütün heyvanların Qiyamət məhkəməsinə toplaşacağına işarə edilmişdir. Çünki onlar da öz aləmlərində öz dünyalarına uyğun məsuliyyət daşıyırlar. Əgər bir-birinə zülm və haqsızlıq ediblərsə, orada cavab verəcəklər (Daha ətraflı məlumat üçün bax: Ənam-37). Belə bir ehtimal da var ki, bu dünyada bir-birindən qorxub qaçan heyvanlar Qiyamət hadisələrinin vahiməsindən hər şeyi unudub bir yerə toplaşacaq və bu vasitə ilə qorxularından xilas olmaq istəyəcəklər. Yeddinci ayədə deyilir: “Hər kəsin öz tayına qovuşdurulacağı zaman.” Qiyamətdə yaxşılar yaxşılarla, pislər isə pislərlə bir yerdə olacaq. Halbuki bu dünyada hamı bir-birinə qarışıb və bəzən möminin qonşusu müşrik, həyat yoldaşı isə pis adam olur. Qiyamət günü ayrılıq günü olduğu üçün bu dəstələr bir-birindən ayrılacaq. Bir ehtimala görə Cənnət sakinləri hurilərə, Cəhənnəm sakinləri isə şeytanlara qovuşacaq. On birinci ayədə deyilir: “Göy üzündən pərdənin çəkiləcəyi zaman”. Təfsirçilər hesab edirlər ki, bu dünyada maddi aləmlə yuxarı aləm arasında olan, insanların mələklər aləmini, Cənnət və Cəhənnəmi görməsinə mane olan pərdə kənara çəkiləcək və insanlar dünyanın həqiqətlərini görəcəklər. Bəzi təfsirçilər bu ayədə Qiyamətdən əvvəlki hadisələrə işarə edildiyini və burada göylərin büküləcəyinin və göyə aid nizam-intizamın pozulacağının nəzərdə tutulduğunu ehtimal etmişlər. Bir çox ayələrdə də bu cəhətə işarə edilmişdir.[3]

19-21. Mələklərin başçısı: Bu ayələrdə vəhy mələyi olan Cəbrailin hər bir elçiyə lazım olan beş xüsusiyyəti qeyd edilmişdir. Birincisi, onun hörmətəlayiq bir varlıq olmasıdır. İkincisi, qüdrətli olmasıdır. Belə ki, Allahın böyük ismarışını qəbul edib dəqiqliklə çatdırmaq üçün böyük güc və qüdrətə sahib olmaq lazımdır. Ümumiyyətlə, hər bir elçi öz missiyasına uyğun güc və qüdrətə sahib olmalıdır. Xüsusiyyətlərindən biri onun mövqe və məqam sahibi olmasıdır. Göydə mələklər Cəbrailə itaət göstərirlər və o, etibar sahibidir. Bəzi hədislərdə qeyd edilir ki, bəzən Quran ayələrini çatdırarkən Cəbraili böyük bir mələk dəstəsi müşayiət edir. Şübhəsiz ki, onlar Cəbrailin əmrinə tabedirlər.[4] Hətta bəzi hədislərdə qeyd edilir ki, göyün bütün mələkləri, o cümlədən Cəhənnəm gözətçiləri də Cəbrailin əmrinə tabedir.[5]

[1] Nümunə, c.26, səh.166

[2] Pəyame-Quran, c.6, səh.33

[3] Nümunə, c.26, səh.170-186; Əl-Mizan, c.20, səh.235-237

[4] Nümunə, c.26, səh.193-199

[5] Əl-Mizan, c.13, səh.10

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))