Shia.az SonUmidTv media
sitename


"
Naziat" surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

1. And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə!

2. And olsun (möminlərin canını) rahatlıqla, xoşluqla alan mələklərə!

3. And olsun (Allahın əmrini icra etmək üçün) sürətlə hərəkət edən,

4. bir-biri ilə ötüşən, 

5. işləri idarə edən mələklərə!

6. O gün qorxulu zəlzələlər hər şeyi titrədəcək,

7. onun ardınca ikinci hadisə (Məhşərin qorxulu səsi) baş verəcək.

8. Həmən gün qəlblər tir-tir əsəcək.

9. Onların gözləri qorxudan yerə dikiləcək.

10. (Halbuki indi) onlar deyirlər: “Yəni biz həyata yenidən qayıdacağıq?

11. Çürümüş sümüklərə çevrildikdən sonra?”

12. Deyilər: “Əgər Qiyamət varsa, bu, zərərli bir qayıdışdır”.

13. Bu qayıdış təkcə uca bir səslə baş verəcək.

14. Qəfildən onlar hamısı yerin səthinə çıxacaqlar.

15. Musanın əhvalatı sənə yetişibmi?

------------------------------------------------------------------------------------

38. Ruh və söz deməyə qüdrəti olanlar kimlərdir? Bu ayədə sözükeçən “Ruh” haqqında müxtəlif yozumlar qeyd edilmişdir. Ən ağlabatan versiya isə həmin ruhun Allahın ən böyük mələklərindən olması versiyasıdır. Bəzi hədislərə görə o, hətta Cəbrail və Mikaildən də üstündür. İmam Sadiq (ə) belə buyurmuşdur: “O, Cəbrail və Mikaildən də üstün mələkdir.” Qiyamət günü mələklər bu böyük mələyin əmrinə tabe olacaqlar. Məhşərin qorxusu və dəhşəti hər kəsi elə bürüyəcək ki, heç kəs danışmağa cürət etməyəcək, söz danışan və şəfaət edən yalnız Allahın icazəsi ilə edəcək. İmam Sadiqdən (ə) bu barədə soruşulduğunda belə buyurmuşdur: “And olsun Allaha! Biz Qiyamətdə söz danışmağa icazəsi ola şəxslərik.” Soruşan: “Siz o gün nə deyəcəksiniz?”, - deyə soruşduqda isə İmam (ə) belə buyumruşdur: “Rəbbimizə təriflər deyəcək, peyğəmbərlərə salam göndərəcək, ardıcıllarımıza şəfaət diləyəcəyik. Allah-taala da bizim şəfaətimizi geri çevirməyəcək.” Bu hədisdən belə başa düşülür ki, peyğəmbərlər və məsum imamlar (əleyhimis-salam) da həmin gün mələklərlə eyni sırada duracaqlar. Ancaq onlara danışmaq, Allaha tərif demək, həmd etmək və şəfaət etmək icazəsi veriləcək.[1]

“Naziat” surəsinin ümumi məzmunu: Məaddan bəhs edən bu surə altı hissədən ibarətdir: 1. Məadla əlaqəsi olan və bu böyük günün gerçəkləşəcəyini təkidlə çatdıran andlar; 2. O günün qorxulu və dəhşətli mənzərələrindən fraqmentlər; 3. Həm Peyğəmbərə (s) və möminlərə təsəlli vermək, həm də məadın inkarının insanı hansı günahlara sürüklədyini həddi aşan müşriklərə başa salmaq məqsədilə Musa (ə)  ilə həddi aşmış Fironun əhvalataına qısa və ötəri bir işarə; 4. Məad və ölümdən sonrakı həyatın varlığını başa salmaq üçün yerdə və göydə Allahın qüdrətli olduğunu sübuta yetirən əlamətlərin bir neçəsinin qeyd edilməsi; 5. Qorxulu gündə baş verəcək hadisələrin bir neçəsi, həddi aşanların aqibəti və əməlisalehlərin mükafatı; 6. Sonda Qiyamətin nə zaman baş verəcəyinin heç kəsə məlum olmaması, ancaq tezliklə qopacağı buyurulmuşdur.[2]

1-5. Andların izahı: Təfsirçilər bu beş andın kimlər haqqında olması ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Ən uyğun təfsir isə belədir: Bu andlar kafirlərin və günahkarların canlarını əziyyətlə, möminlərin canlarını isə yumşaq alan, Allahın əmrlərini yerinə yetirmək üçün sürətlə hərəkət edən, sonra bir-biri ilə yarışa çıxan, Allahın əmri ilə dünyanı idarə edən mələklərlə bağlıdır. Əlbəttə, bu yozumu daha ümumi mənada götürmək olar. Belə ki, mömin və kafirlərin canlarının alınması ayənin ifadə etdiyi mənanın yalnız bir hissəsidir. Andlar isə Allahın əmrlərini icra edən mələklərlə bağlıdır. Bu mələklər tərəfindən Allahın əmrlərinin icrası beş mərhələ ilə səciyyələnir: Qətiyyət, kəskin hərəkət, aramla yola düşmək, daha da sürətlənmək, dünyanın idarə edilməsi. Hər halda, mömin və kafirlərin canlarının alınması ümumi məzmunun bir yönüdür və surənin məadla bağlı hissəsinə bir girişdir.[3]

16. O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi:

17. “Fironun yanına yollan! O, həddini aşmışdır.

18. Ona de: “Paklanmaq istəyirsənmi?

19. Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?”

20. Sonra Musa ən böyük möcüzəni ona göstərdi.

21. O isə yalan sayıb asi oldu.

22. Sonra da arxa çevirib (haqq dini məhv etmək üçün) dayanmadan çalışdı.

23. Sehrbazları toplayıb camaatı çağırdı

24. və dedi: “Mən sizin uca rəbbinizəm!”

25. Buna görə Allah onu dünya və axirət əzabına düçar etdi.

26. Bunda (Allahdan) qorxan üçün ibrət var.

27. Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu inşa etdi,

28. onun qübbəsini ucaltdı və onu nizama saldı,

29. gecəsini qaranlıq, gündüzünü aydın etdi.

30. Sonra yeri açdı,

31. onda su və otlaq yaratdı,

32. dağları da sabit və möhkəm etdi.

33. Bunlar hamısı sizin və mal-qaranızın faydalanmasından ötrüdür.

34. O böyük hadisə baş verdiyi zaman –

35. o gün insan səy göstərdiklərini xatırlayacaqdır.

36. Cəhənnəm görmə qabiliyyətinə malik olan hər bir adama göstəriləcəkdir.

37. Ancaq kim həddi aşıbsa,

38. dünya həyatını üstün tutubsa,

39. Cəhənnəm onun məskəni olacaqdır.

40. Amma kim Rəbbinin məqamından qorxmuş və nəfsini istəklərdən çəkindiribsə,

41. şübhəsiz, Cənnət onun məskəni olacaq.

42. Səndən Qiyamət barəsində: “O nə vaxt qopacaq?” – deyə soruşurlar.

43. Onu xatırlmağın sənə nə aidiyyəti var?! (Onu sən də bilmirsən.)

44. O sənin Rəbbində tamamlanır (Onu sənin Rəbbindən başqa heç kəs bilmir).

45. Sənin işin yalnız ondan qorxanı qorxutmaqdır.

46. Onlar Qiyaməti gördükləri gün (dünyada) yalnız bir axşam çağı və yaxud bir sübh qədər qaldıqlarını güman edəcəklər!

--------------------------------------------------------------------------------------

24. Nə qədər axmaqlıq etmək olar? Doğrusu, çox qəribədir ki, həddi aşan bu axmaq və inadkarlar təkəbbür və lovğalıq miniyinə mindikləri vaxt heç bir hədd tanımırlar, hətta tanrılıq iddiasına da düşür, “tanrılar tanrısı” olmaq istəyirlər. Onlar camaata belə deyirlər: Siz bütlərə sitayiş edirsiniz, onlar öz yerlərində hörmətə layiqdirlər, ancaq mən sizin ən uca bütünüz və məbudunuzam. “Əraf” surəsinin 127-ci ayəsinə əsasən özü bütpərəst olan Firon bu ayədə qeyd edilənlərdən də göründüyü kimi, elə bir həddə çatır ki, insanların uca rəbbi olduğunu iddia edir, özünü hətta öz məbudundan da uca tutur. Bu, həddini aşmış kəslərin nə qədər boş və gülünc iddialarda olduqlarını göstərir.[4] Məlumdur ki, daşa və taxtaya səcdə edən insanlar insan olan tanrıları qəbul etməyə daha hazırlıqlı olurlar. Buna görə də Firon özünü bütün məbudlardan üstün bilirdi.[5]

37-38. Həddi aşmaqla dünyapərəstliyin əlaqəsi: Bu ayələrdə xoşbəxtlik və bədbəxtlik amilləri çox gözəl şəkildə təsvir edilmiş, bədbəxtliyin həddi aşmaq və dünyapərstliyin nəticəsi, xoşbəxtliyin isə Allahdan qorxmaq və nəfsani istəklərin tərk edilməsinin səmərəsi, peyğəmbər və öyliyaların bütün təlimlərinin bəhrəsi olduğu buyurulmuşdur. Deməli, nəfsi istəklərə tabe olmaq ağlın üzərinə pərdə çəkir, çirkin əməlləri insanın gözündə gözəl göstərir, Allahın ən böyük neməti və insanı heyvandan fərqləndirən imtiyazı ondan alır və onu özünə məşğul edir. İmam Baqir (ə) buyurmuşdur: “Cənnət narahatlıqlar və çətinliklərlə səbir və dözüm arasında gizlənmişdir. Dünyadakı narahatlıqlara dözən Cənnətə daxil olar. Cəhənnəm ləzzətlər və ehtiraslar arasında gizlənmişdir. Nəfsini bu ləzzətlər və ehtiraslar qarşısında azad buraxan şəxs Cəhənnəmə daxil olar.” İmam Sadiq (ə) buyurmuşdur: “Nəfsi onun istəklərinin ixtiyarına vermə. Çünki nəfsin istəkləri nəfsin ölməsinə səbəb olur. İstəkləri qarşısında nəfsi azad buraxmaq onun üçün dərd olur. Onu bu istəklərdən saxlamaq onun əlacıdır.” Nəfsin istəklərinə tabe olmaq təkcə axirət Cəhənnəmi deyil, əmin-amanlıqların pozulması, nizam-intizamların sıradan çıxması, müharibələr, qan tökülməsi, kin-küdurətlər kimi dünya cəhənnəmləri də onun nəticəsidir.[6]

46. Qiyamətlə müqayisədə dünyanın və Bərzəxin kiçikliyi: Bu ayələr onu göstərir ki, Qiyamətə qədər olan zaman elə də uzun sürməyəcək. Dünyanın qısa ömrü, habelə Bərzəx həyatı elə sürətlə ötüb keçəcək ki, Qiyamət qopduğu vaxt insan bütün bu dövrlərin bir neçə saatdan uzun sürmədiyini düşünəcək. Dünyanın ömrü onsuz da çox qısa və keçicidir, amma o, Qiyamətlə müqayisə ediləndə bir neçə an olmaq təəssüratı bağışlayacaq. Quran ayələrində buyurulur ki, günahkarlar Qiyamətdə dünya və Bərzəx həyatları haqqında danışarkən belə deyəcəklər: “Siz (dünya və Bərzəxdə) yalnız on gün qalmısınız”. Ancaq onlar daha yaxşı fikirlərşib deyəcəklər: “Siz yalnız bir gün qalmısınız.” (Taha-103-14). Başqa bir yerdə buyurulur ki, Qiyamət qopanda günahkarlar and içib deyəcəklər ki, cəmi bir neçə saat qalıblar (Rum-55). Bu fərqlər ona görədir ki, onlar zamanın qısalığını öz hiss etdikləri kimi bəyan edirlər. Əlbəttə, onların hamısı bir cəhətdə, yəni dünyanın ömrünün Qiyamətlə müqayisədə çox qısa olmasında yekdildirlər. Bu, insanı qəflət yuxusundan oyadacaq bir məsələdir.[7]

[1] Nümunə, c.26, səh.56

[2] Nümunə, c.26, səh.71

[3] Nümunə, c.26, səh.76

[4] Nümunə, c.26, səh.93

[5] Pəyame-Quran, c.3, səh.254

[6] Nümunə, c.26, səh.109

[7] Nümunə, c.26, səh.115

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))