Shia.az SonUmidTv media
sitename


"
Əbəsə" surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

1. Üzünü turşudub yana çevirdi.

2. Yanına bir kor gəldiyinə görə.

3. Haradan biləsən, bəlkə o təmizlənib təqvalı olacaq

4. və yaxud xatırlayıb nəsihət alacaq və bu xatırlama onun üçün faydalı olacaq.

5. İmkanlıya gəlincə,

6. sən ona diqqət yetirirsən.

7. Onun təmizlənməməyinin sənə bir dəxli yoxdur.

8. Sənin yanına gəlib səy göstərən,

9. Allahdan qorxan kimsəyə gəlincə isə,

10. ona məhəl qoymursan!

11. Xeyr! (Bu, onlar düşündüyü kimi deyil.) Bu (Quran), bir xatırlatmadır.

12. Kim istəsə, qoy ondan nəsihət alsın.

13. Çox qiymətli lövhələrdə yazılıb,

14. yüksək və pak lövhələrdə

15. səfirlərin əlləri ilə,

16. möhtərəm və müti olanların.

17. Ölüm olsun bu insana! Nə qədər kafir və nankordur!

18. (Allah) onu nədən yaradıb?

19. Onu dəyərsiz nütfədən yaratdı, sonra müəyyən şəkilə saldı.

20. Sonra yolu onun üçün asanlaşdırdı.

21. Sonra onu öldürüb qəbirə yerləşdirdi.

22. İstədiyi vaxt onu dirildəcəkdir.

23. Xeyr! (O, düşündüyü kimi deyil.) O, hələ də (Allahın) verdiyi əmrə itaət göstərməmişdir.

24. İnsan gərək yediyinə diqqət yetirsin!

25. Biz göydən bol su yağdırırıq.

26. Sonra da yeri çat-çat yarıb

27. orada taxıl yetişdiririk.

28. (Habelə) üzüm və bol göyərti,

29. çoxlu zeytun və xurma (ağacları),

30. ağacları bol olan bağlar,

31. meyvələr və otlaqlar (bitirdik).

32. (Bu nemətlər) sizin (istifadəniz) və mal-qaranızın faydalanması üçündür.

33. O vahiməli səs gələndə –

34. o gün insan qaçacaq öz qardaşından,

35. anasından, atasından,

36. arvadından və övladlarından!

37. O gün onlardan hər birinin yetərincə işi olacaqdır.

38. O gün (neçə-neçə) üzlər parlayacaq,

39. güləcək və fərəhlənəcək.

40. O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq,

41. onları qaranlıq bir tüstü bürüyəcək.

42. Onlar həmin günahkar kafirlərdir!

-------------------------------------------------------------------------------------

“Əbəsə” surəsinin ümumi məzmunu: Bu surə məzmun etibarı ilə beş hissəyə bölünür: 1. Həqiqət axtarışında olan kor bir kişiyə qarşı uyğun olmayan hərəkətə yol verən insanın Allah tərəfindən ciddi şəkildə danlanması; 2. Quranın əhəmiyyəti və mövqeyi; 3. İnsanın Allah nemətlərinə qarşı naşükürlüyü; 4. Allahın bəzi nemətlərinin sadalanması; 5. Məad, mömin və kafirlərin aqibəti.[1]

1-10. Qaşqabağını sallayıb üzünü çevirdi: Bu ayələrdən belə məlum olur ki,  Allah varlıları haqq axtarışında olan kor bir kişidən üstün tutan bir nəfəri danlayır. Danlanan şəxsin kimliyi çoxlu fikir ayrılıqlarına səbəb olmuşdur. Bəzi təfsirçilər bir nazilolma səbəbinə əsasən həmin adamın İslam peyğəmbəri (s) olduğunu qeyd etmişlər. Onlar yazırlar ki, Peyğəmbər (s) məsələ öyrənmək üçün onun yanına gəlmiş bir müsəlmana qaşqabaq sallayıb üzünü yana çevirmişdir. Halbuki İmam Sadiqə (ə) istinad edilən bir hədisdə belə deyilir: “Bu ayələr Peyğəmbərin (s) yanında əyləşmiş Bəni-Üməyyədən olan bir şəxs haqqında nazil olmuşdur. Belə ki, o, Peyğəmbərin (s) yanında olduğu vaxt Abdulla ibn Məktum adlı kor və yoxsul bir kişi gəlir. Həmin şəxs Abdullanı görən kimi özünü elə yana çəkir ki, sanki onun yoxsulluğunun buna keçəcəyindən qorxur, qaşqabağını sallayıb üzünü kənara çevirir. Allah-taala bu ayələrdə onu bu davranışına görə məzəmmət edir.” Bu ayələr onu göstərir ki, İslam və Quran haqq axtarışında olanlara, xüsusilə yoxsul və aşağı təbəqənin adamlarına xüsusi ehtiram və diqqət, Allahın verdiyi bol nemət içində məst olub lovğalananlara isə sərt münasibət göstərir. İslam dinində haqq axtarışında olan yoxsullara hörmət və qayğı o qədər diqqət mərkəzindədir ki, onların hətta azacıq incidilmələri belə yolverilməz sayılır. Çünki İslamın ən ixlaslı müdafiəçiləri, çətinliklər zamanı din öndərlərinin fəryadına səs verənlər, müharibə və şəhadət meydanlarının fədakarları hər zaman kasıb təbəqə olmuşdur. Möminlərin əmiri İmam Əli (ə) Malik Əştərə yazdığı məşhur məktubunda belə qeyd etmişdir: “Dinin sütunu və düşmənlərə qarşı mübarizədə müsəlmanların çox hissəsi sadə camaatdır. Buna görə də onlara daha çox diqqət və qayğı göstərməlisən.”[2]

24. İnsan öz yeməyinə baxmalıdır: Məlumdur ki, “baxmaq” deyilərkən oturub tamaşa etmək deyil, yeməyin tərkibi, onu təşkil edən maddələr, onların insan orqanizminə təsiri və ən nəhayət də onu yaradan barəsində düşünmək nəzərdə tutulur. Belə ki, bizi əhatə edən aləmdə insana ən yaxın olan şey yeməkdir. Yemək bir çevrilişlə insanın vücudunun bir hissəsinə çevrilir. Əgər insan qidasız qalsa, tez bir zamanda həyatla vidalaşar. Buna görə də Quranda hər şeydən çox qidaya, xüsusilə bitki və ağaclardan əldə edilən qidaya önəm verilmişdir. Məsum imamlara (ə) istinad edilən bəzi hədislərdə deyilir ki, burada qida deyilərkən insan ruhunun qidası olan elm və bilik nəzərdə tutulmuşdur. Belə ki, insan elmi kimdən kəsb etdiyinə fikir verməlidir. Əslində, ayələrin zahiri məzmunundan sonrakı ayələrdə izah edilən fiziki qidaların nəzərdə tutulduğu məlum olur. Ancaq insan ruh və cisimdən ibarət bir varlıq olduğu üçün cisim maddi qidaya ehtiyac duyduğu kimi, ruh da mənəvi qidaya ehtiyac duyur. İnsan cismani qidasında diqqətli olduğu, onun mənbəyinin həyat bəxş edən yağış olduğuna fikir verdiyi kimi, mənəvi və ruhi qidasına da diqqət yetirməli, bu qida mənbəyinin vəhy yağışı vasitəsilə Peyğəmbərin (s) pak qəlbinə endiyini, məsumların (ə) qəlbində xəzinə kimi qorunduğunu, bulaqlar kimi qaynayıb qəlb tarlalarına axdığını, iman, təqva və gözəl əxlaq meyvələri bitirdiyini bilməlidir. İnsan çox diqqətli olmalı, çirkli bulaqdan qidalanmamalı, nəticədə ruhunu və canını xəstələndirib məhv etməməlidir.[3] Qəribədir ki, bəzi adamlar maddi qidalarına çox ciddi şəkildə fikir verdikləri halda, ruhi və mənəvi qidalarına elə də böyük əhəmiyyət vermirlər. İmam Həsən (ə) belə buyurmuşdur: “Bədənlərinin qidasını düşünüb ruhlarının qidasına diqqət yetirməyənlərə çox təəccüblənirəm. Ziyanlı yeməkləri qarınlarından uzaq tuturlar, ancaq qəlblərini həlakedici məsələlərlə doldururlar.”[4]

[1] Nümunə, c.26, səh.121

[2] Nümunə, c.26, səh.123; Əl-Mizan, c.20, səh.222

[3] Nümunə, c.26, səh.144

[4] Nümunə, c.26, səh.162

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))