Shia.az SonUmidTv media
» » » Şiə hədis tarixində 400 hədis üsulu (Usulul-Ərbəə miə fil-hədis)
Русская версия сайта Русская версия сайта
sitename
Şiə hədis tarixində 400 hədis üsulu
(Usulul-Ərbəə miə fil-hədis)Şiə hədis tarixində 400 hədis üsulu (Usulul-Ərbəə miə fil-hədis)
"Əsl” (cəmi: usul) və ya "400 üsul" (Usulul-Ərbəə-Miə) şiə hədis elmində məşhur bir termindir.
Lüğəvi baxımdan hər bir şeyin özülü və əsasına "əsl" deyilir. Bu məna hansısa hədis nüsxəsinin "əsl" adlandırılmasında da təsirlidir.   
"Əsl" o hədis kitablarına deyilir ki, məsum imamların dövründə, yəni Həzrət İmam Əlinin (ə) zamanından İmam Həsən Əskərinin (ə) şəhadətinədək (11 hq-260 hq) bir dövrdə yazılıb. Əlbəttə bu kitabların əksəriyyəti İmam Baqir (ə), İmam Sadiq (ə) və İmam Kazimin (ə) dövründə yazılıb və sonrakı dövrlərdə yazılan hədis toplularının və hədis kitablarının əsas qaynağı olmuşdur.
"Əsl" adlanan bu hədis nüsxələrinin sayı çox olsa da şiə hədis alimləri arasında 400 "əsl" məşhur olub. Bu hədis "əsl"ləri alimlər arasında o qədər əhəmiyyətli olub ki, "əsl" sahibi olmaq məsumların (ə) səhabə və raviləri üçün xüsusi imtiyaz sayılıb. Həmçinin bir hədisin bir neçə "əsl"də olması və ya "əsl" sahibi tərəfindən nəql edilməsi həmin hədisin qədim imamiyyə alimləri yanında etibarlı olmasına dəlil hesab olunub.
Şiə alimlərinin "əsl"ə verdiyi tərifdən "əsl” adlanan hədis nüsxələri üçün aşağıdakı xüsusiyyətləri saymaq olur:[1]
1). Bu hədis nüsxələri İmam Əlinin (ə) zamanından İmam Həsən Əskərinin (ə) şəhadətinədək olan bir dövrdə yazılmışdır.
2). Bu kitablarda təkcə məsumların (ə) sözləri toplanmışdır. Hər "əsl"də bir imamın (ə) hədisləri və ya bir ravinin birbaşa müxtəlif imamlardan eşitdiyi hədislər müəllif tərəfindən heç bir müdaxilə edilmədən yazılmışdır.
3). Bu kitabları ya məsum özü öz dəstxətti ilə yazıb, ya özü birbaşa imla edərək yazdırıb, ya birinci ravi hansısa ümumi məclisdə məsumdan birbaşa eşidərək yazıb və ya müəllif birinci ravidən eşidib və özü tərəfindən heç bir əlavə etmədən yazıb.
4). Bu kitablar məsumlar həyatda ikən yazılmışdır.
5). Bu kitabların əksəriyyətinin xüsusi bir mövzusu olmayıb və müxtəlif mövzuları ehtiva edən qatışıq hədislərdən ibarət olub.
6). Bu kitabların (əsllərin) müəllifləri mötəbər səhabə və ravilər olduğu üçün kitabın ("əsl”in) müəllifə nisbəti və sənədi müəllifə qədər səhih və doğru olarsa, həmin "əsl”in hədisləri sənədinin necəliyindən asılı olmayaraq səhih sayılır.
7). Hansı ravi və səhabənin adına hədis və Rical kitablarında "əsl” vardırsa, bəzilərinin fikrincə bu özü (ravinin "əsl” sahibi olması) həmin ravi və səhabə üçün imtiyaz sayılır.
"Üsulul-Ərbəə-Miə" termininin yaranması tarixi
Hicri-Qəməri tarixi ilə 4 və 5-ci əsrlərdə bir çox şiə alimləri, o cümlədən Şeyx Müfid (336 -413 hq), Əbul-Hüseyn Ğəzairi (vf. 5-ci hq.nin birinci yarısı), Şeyx Nəcaşi (372 – 450 hq), Şeyx Tusi (385 – 460 hq) və sairləri öz rical kitabları və digər əsərlərində səhabələrin bəzi hədis kitabları barədə "əsl” (ləhu əslun – له اصل) ifadə və terminindən istifadə etməyə başlayıblar.
Şeyx Müfid (vf. 413 hq) bu barədə yazır:
«... وَ نَقَلَ النَّاسُ عَنْهُ مِنَ الْعُلُومِ مَا سَارَتْ بِهِ الرُّكْبَانُ وَ انْتَشَرَ ذِكْرُهُ فِي الْبُلْدَانِ وَ لَمْ يُنْقَلْ عَنْ أَحَدٍ مِنْ أَهْلِ بَيْتِهِ الْعُلَمَاءِ مَا نُقِلَ عَنْهُ وَ لَا لَقِيَ أَحَدٌ مِنْهُمْ مِنْ أَهْلِ الْآثَارِ وَ نَقَلَةِ الْأَخْبَارِ وَ لَا نَقَلُوا عَنْهُمْ كَمَا نَقَلُوا عَنْ أَبِي عَبْدِ اللَّهِ ع فَإِنَّ أَصْحَابَ الْحَدِيثِ قَدْ جَمَعُوا أَسْمَاءَ الرُّوَاةِ عَنْهُ مِنَ الثِّقَاتِ عَلَى اخْتِلَافِهِمْ فِي الْآرَاءِ وَ الْمَقَالاتِ فَكَانُوا أَرْبَعَةَ آلَافِ رَجُل...».
 "İnsanlar İmam Cəfər Sadiqdən (ə) o qədər çox elm öyrəndilər ki, O həzrətdən (ə) nəql edilən hədislər dəvə karvanlarının yükü idi. Onun şöhrəti bütün şəhərlərdə yayılmışdı. Əhli-Beytdən (ə) onun qədər heç kimdən hədis nəql edilməyib və hədis raviləri hədis eşitmək üçün onun qədər heç kimlə görüşməyib. Hədis alimləri İmam Sadiqin (ə) müxtəlif əqidə və görüş sahibləri olan "siqə” (etibarlı, doğrudanışan) ravilərinin adlarını bir yerə toplayıblar ki, sayları 4 min nəfərdir”.[2]
Əminul-İslam Fəzl ibn Həsən Təbərsi (vf.548 hq) yazır:
كان عليه السلام أعلم أولاد رسول اللّه (ص) في زمانه بالاتّفاق، و أنبههم ذكرا، و أعلاهم قدرا، و أعظمهم منزلة عند العامّة و الخاصّة، و لم ينقل عن أحد من سائر العلوم ما نقل عنه، فإن‏ أصحاب‏ الحديث‏ قد جمعوا أسامي الرواة عنه من الثقات على اختلافهم في المقالات و الديانات فكانوا أربعة آلاف رجل.
 "İmam Sadiqin (ə) bütün müsəlmanların nəzərində öz zamanında Peyğəmbər (s) övladının ən elmlisi, ən məşhuru, ən dəyərlisi və əzəmətlisi idi. Heç kimdən onun qədər elm nəql edilməyib. Hədis alimləri İmam Sadiqin (ə) müxtəlif din, əqidə və görüş sahibləri olan "siqə” (etibarlı, doğrudanışan) ravilərinin adlarını bir yerə toplayıblar ki, sayları 4 min nəfərdir”.[3]
Əllamə Təbrisi yenə yazır:
و روي عن الصادق في أبوابه من مشهوري أهل العلم أربعة آلاف إنسان و صنف‏ من‏ جواباته‏ في المسائل أربعمائة كتاب و هي معروفة بكتب الأصول رواها أصحابه و أصحاب أبيه من قبله و أصحاب ابنه أبي الحسن موسى ع و لم يبق فن من فنون العلم إلا روي عنه فيه أبواب.
İmam Sadiqdən (ə) dörd min nəfər məşhur elm əhli hədis rəvayət etmişdir və o həzrətin (ə) sullara verdiyi cavablarından yazılmış kitabların sayı 400-dür ki, bunlara "usul” ("əsl”in cəmi) deyilir. Bu "usul”ları İmam Baqirin (ə) və İmam Sadiqin (ə) və İmam Kazimin (ə) səhabələri rəvayət ediblər. Elmin elə bir fənni yoxdur ki, o barədə İmam Sadiqdən (ə) hədis nəql edilməmiş olsun".[4]
İbn Şəhraşub (vf. 588) Şeyx Müfiddən (vf. 413 hq) nəql edərək deyir:
«صنّف‏ الإمامية من عهد أمير المؤمنين عليه السّلام إلى عهد أبي محمّد الحسن العسكري عليه السّلام أربعمائة كتاب تسمّى الاصول. قال: فهذا معنى قولهم: له أصل».
"İmamiyyə müəllifləri İmam Əinin (ə) zamanından İmam Həsən Əskərinin (ə) şəhadətinədək 400 kitab yazdılar ki, bunlara "usul” ("əsl”in cəmi) deyilirdi və rical alimlərinin "ləhu əslun" ifadəsinin də mənası budur”.[5]
Mühəqqiq Hilli (vf. 672 hq) "əl-Mötəbər” (s.51), Şəhid Əvvəl (vf. 786 hq) "Zikra əş-Şiə” (s.6), Mühəqqid Damad (Rəvaşihus-Səmaviyyə, s.98) və Şeyx Bəhainin atası (Vusulul-Əxyar, s.40) bu barədə aşağıdakı kimi söz deyiblər:
«قد انتشر عنه من العلوم جمة ... کتب من اجوبة مسائله اربعماة مصنف سموها اصولا...». («کتب من اجوبة مسائله اربعماة مصنف لاربعماة و دون من رجاله المعروفین...»).
"... İmam Cəfər Sadiq ibn MəhəmmədBaqirin (ə) ... suallara verdiyi cavablar əsasında məruf və məşhur səhabələri tərəfindən yazılan kitabların sayı 400 ədəd olmuşdur ki, bunlara "usulul-ərbəə miə” deyilir.
Qum Ali Dini Elmi Hövzəsinin Hədis Elmləri ustadı Ayətullah Seyid Hüseyn Cəlali deyir: İmam Sadiqdən (s) birbaşa "sima” (eşitmə) yolu ilə yazılan "əsl”lərin sayı 100 kitab civarında olmuşdur.
"Əsl” adlanan nüsxələrin sayını 400 desələr də əlimizdə olan dini ədəbiyyatda bütün "əsl”lərin adı və müəllifləri barədə məlumat yoxdur. Nəcaşi öz rical kitabında 7 "əsl” və Şeyx Tusi 59 "əsl” adı saymışdır. Onların "fehsrest" kitablarında isə ümumlikdə 120-dən çox "əsl"in adı keçmişdir. Sonrakı dövrlərdə hədis qaynaqlarında Ayətullah Vəhid Behbəhani (12-ci hicri-qəməri əsri) "əsl”lərin sayı və kitab ilə fərqi barədə araşdırmalar aparmış (əl-fəvaid ər-ricaliyyə) və Ağabozorq Tehrani 117 "əsl”in adını hədis kitablarından əldə etmişdir. Müasir dövrdə aparılan elmi araşdırmaların nəticəsində isə 122 "əsl”in adı ortaya çıxarılmışdır.[6]
"Əsl”lərin (usul) imtiyazları:
1). Hüzur dövründə təlif edilib və təbii ki, İmamların (ə) diqqət mərkəzində olmuşdur.
2). Bu kitabların bir çoxu imamlara qiymətləndirmə üçün təqdim edilib və ya imamların onların camaat arasında məşhur olmasına rəğmən sakit qalıblar və bu da həmin "əsl”lərdə olan hədislərin səhihliyinə dəlildir.
3). "Əsl”lərin səhihliyi həm də müəlliflərinin "siqə” və mötəbər olmasına dəlildir - (Möcəmu Ricalul-Hədis, c.1, s.23).
4). Qədim alimlər bir hədisin bir neçə "əsl"də olmasını hədisin səhihliyinə dəlil sayıblar.
5). "Əsl"lərdəki hədislərin birbaşa və ya təkcə bir vasitə ilə məsumdan (ə) eşidilməsi və ya yazılması hədisin mətninin nəqlində səhvin azlığına və mətnin tam mötəbər olması baxımından raviyə xatircəmlik verib. (Məşriquş-Şəmseyn, s.269; əz-Zəriə, s.126). 
Bu imtiyazlara görə şiə hədis raviləri bu kitablara xüsusi əhəmiyyət vermiş, sonrakı dövrlədə böyük hədis toplularının yazılmasına baxmayaraq əldən-ələ gəzmiş və 16 ədədi dövrümüzə gəlib çıxmışdır. "Əsl"lərin sonrakı nəsillərə ötürülməsində İbn Əbi Ümeyr və Harun ibn Musa Təllukbərinin xüsusi fəallıqları olub. Öz zamanlarındakı "əsl"lərin çoxunu rəvayət etmiş və müsəlmanlar arasında yaymışlar. İbn Əbu Ümeyr İmam Sadiqin (ə) şagirdlərindən 100 nəfərinin "əsl"ini sonrakı nəsil ravilər üçün rəvayət etmiş və özü də 95 "əsl"in müəllifidir. 
 "Əsl”lərin mənfi xüsusiyyətləri:
1). Hədislərin mövzulara bölünməməsi, təsnif olunmamsı və müxtəlif mövzulu hədislərin kitabın müxtəlif səhifələrində pərakəndəliyi bu "əsl”lərin ümdə nöqsanı idi.
2). Bəzən Əhli-Beyt (ə) düşmənləri "əsl”lərin üzünü köçürür və bunlara istədiklərini də əlavə edib, səhabələrin adına yayırdılar və bu da hədisşünas olmayan avam kütlə üçün bu "əsl”lərdən istifadəni çətinləşdirirdi.
Qeyd edilən bu iki mənfi xüsusiyyət bais oldu ki, Əhli-Beyt (ə) məktəbinin mühəddis və fəqihləri həmin "əsl”lərdən istifadə edərək hədisləri ünvanlı (namaz, xüms, zəkat və s...) fəsillərə (bab) bölərək hədis əsasında yeni kitablar yazsınlar. Bu iş imamların (ə) zamanında əvvəl təkcildli və təkmövzulu, sonra "came” (çoxmövzulu) kitablar ilə məhdud şəkildə başlasa da, "qeybət dövrü”ndə (12-ci imamın qeybə çəkilməsindən sonra) Kuleyni (vf. 329 hq), Səduq (vf.306-381 hq) və Tusi (385-460 hq) kimi böyük alimlər şiə cəmiyyətini düşdükləri "imamın zahirdə və hüzurda olmaması” böhranından çıxarmaq, onların şəriət məsələlərinin həllində ciddi addım atmaq və həmçinin şiələrin elmi irsini qorumaq məqsədi ilə "əsl”lərdən istifadə edərək böyük hədis toplularını yazdılar.
Bu hədis toplularının yazılması, həmçinin sonralar Bağdadın süqutu zamanı Şiə kitabxanalarının yandırılması və sair hadisələr bais oldu ki, istifadəsi çətin olan "əsl”lərin yeni nüsxəsi yazılmasın və nəticədə uzun zamanlardan sonra itsin və yoxa çıxsın.
Bu gün həmin 400 "əsl”dən cəmi 16 əsl qalmışdır ki, "Darul-Hədis müəssisəsi” tərəfindən təshih edilərək "usul əs-sittətə əşər” adı ilə çap və nəşr edilmişdir.
Əlbəttə mümkündür ki, bundan daha çox "əsl” qalmış olsun və hazırda biz bundan xəbərsiz olaq. Çünki vəhabilərin son 250 ildə yandırdıqları, dənizə tökdükləri, Avropaya satdıqları və həmçinin Avropada kitabxanalarında müsəlman aləmindən oğurlanaraq gizlədilən, Hindistan və Pakistan kitabxanalarında istidən və nəmdən məhv olub getməkdə olan əlyazma nüsxələrin taleyindən xəbərsizik.[7]
Mirməhəmməd Bəşir Linkdə t.me/mirmehemmed_beshir
 

[1] - Əllamə Bəhrul-Ulum, "əl-Fəvaidur-Ricaliyyə", c.2, s.367.

[2] -  "əl-İrşad fi mərifəti hücəcullahi ələl-ibad", c.2, s.179.

[3] - "Ə`lamul-Vura", c.1, s.535.

[4] - "Ə`lamul-Vura", c.1, s.535.

[5] - Məalimul-Üləma, s.3 – (əl-Usul əs-Sittətə Əşər, s.11 – Darul-Hədis çapı). İbn ŞəhrAşub "Mənaqibu Ali Əbi Talib" (c.1, s.254) kitabında bu "əsl"lərin yeddi yüzünü sayıb.

[6] - "Tarixe-Hədis", Təbatəbai, s.94-96.

[7] - P.S: Son paraqrafın mənası bu deyil ki, hansı hədisin sənədini tapmadıq "itmiş nüsxə”lərə adres verməliyik. İnsan əlində olan elmə və yəqinə tabe olmalıdır, ehtimal və zənnə deyil.


www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))